7.22.2011

Polşa-Litva sərhədində Çeslav Miloş Bayramı, Mədəniyyətlər Dialoqu və ədəbi görüşlər

... O gün Polşada bütün yollar Krasnoqruda gedirdi. Elə bütün maşınlar da. Qonaqlar da.
Bir neçə saatdan sonra Polşanın şimalında, Litva ilə sərhədin yaxınlığındakı Krasnoqrudda Çeslav Miloşun 100 illik yubleyi ilə əlaqədar təntənəli surətdə açılışı olacaq Beynəlxalq Dialoq Mərkəzi binasının önündə böyük hərflərlə yazılmış “Bədbəxt o kəsdir ki, gedir və geri qayıtmır” Oskar Miloş “ yazısına diqqətlə baxdığımı görən gənc, “bu niyə bura yazılıb, bunun bura nə adiyyatı var” söylədi. “Çox yaxşı və yerində deyilmiş ifadə olduğunu bildirdim”. Gəncin Çeslav Miloşun yaşadıqlarından o qədər də xəbərdar olmadığını anlayaraq bu fikri deyənin kimliyi və onu niyə dediyini izah etməyə çalışdım. Onsuz da tədbirin başlanmasına hələ qalırdı. Qonaqlar yavaş-yavaş yığışmağa başlayırdılar.
1934-cü ildə hüquq diplomunu müdafiə etdikdən sonra ədəbiyyatı öyrənmək üçün Çeslav Miloş Parisə dedir. Parisdə diplomat və şair olan, fransızca yazan əmisi, Oskar Miloşla görüşür. Parisdə qaldığı bir il şairin həyatında çox mühüm rol oynayır. Çeslav Miloş əmisinin onun dünyaya baxışının formalaşmasında mühüm rol oynadığını və ona “bədbəxtlik qapını döyəndə ümidsiz olmamağı” öyrətdiyini tez-tez xatırlayırdı. Uzun müddət Polşadan uzaq düşən, geri qayıtmağına icazə verilməyən Çeslav Miloş Vətəndən ayrı yaşamağın, başqa dil mühitində tanınmanın necə məşəqqətli olduğunu, amma bütün bunlara dözərək uğurlar qazanmağın mümkünlüyünü görəndə də. Nobel mukafatı aldıqdan sonra əsərlərinin oxunmasına qadağa qoyulmuş doğma Polşaya milli qəhrəman kimi dönəndə də. “Gedərək qayıtmağın xoşbəxtliyi”ni yaşayanda da. Gözəl Polşaya, onun meşələrlə, göllərlə, yaşıllıqlarla örtülü şimalında həsrət baxışın sevincini duymaq, hiss etmək, ağacların boynuna sarılan, göllərin səthinə yayılan, yaşıllıqları qoynuna alan və bu gün də bütün qonaqları sehrləyən hüdudsuz sevginin dolaşan mehləri üzümüzə toxunurdu, qoynumuza dolurdu. Uzun ayrılığın vüsal sevincini anlatmaqda qələm də acizdir. Vətəndən ayrı düşmüş mən də, neçə illərdir o qayıdışı, o sevinci yaşayacağımı gözləyirəm.

Polyaklar Çeslav Miloş təkcə Ədəbiyyat üzrə Nobel mükafatı almış ilk polyak şairi olduğuna görə sevmirdilər. Polyaklar Çeslav Miloşu Qərbdə Polşa autsayder sayılan dönəmlərdə polyak ədəbiyyatını bütün dünyaya, o cümlədən ingilis dilli cəmiyyətə tanıtdaraq sevdirdiyinə görə sevirlər.
Çeslav Miloş Azadlıq üçün mücadilə aparanların əzab-istirab dolu yollarının sondakı sevincinin əbədi olduğunu göstərdi.
Çeslav Miloş təkcə Polşanın yox, bütün poeziya sevənlərin sevimlisi olduğundan bu möhtəşəm tədbirə, bu sevincə qoşulmaq üçün Amerika Birləşmiş Ştatları, Fransa, Belçika, Hollandiya, İsveç, İsrail, Litva, mənim təmsil etdiyim Azərbaycandan, Ukraina, Rusiya, Belarus və s. ölkələrdən şairlər, filosoflar, incəsənət xadimləri qatılmışdırlar.
Tədbir bir neçə hissədən ibarət idi.
Tədbirin rəsmi hissəsində Polşa Respublikasının Prezidenti Cənab Bronislav Komarovski, Litvanın Prezident Adminstrasiyasının rəsmisi, Polşanın Mədəniyyət və Milli İrs, Təhsil nazirləri, Litvanın Mədəniyyət naziri və başqa rəsmi şəxslər və ailə adından Çeslav Miloşuun oğlu Anton Miloş çıxış etdilər.
Cənab Komarovski Avropa Birliyindən, onun sərhədləri məsələsindən, Polşa-Litva sərhədindən, Mədəniyyətlərin Dialoqundan, bu tip tədbirlərin xalqlararası əlaqələrin inkişafındakı rolundan danışdı. (Səhərisi gün Avropa İttifaqına sədrlik Polşaya keçirdi.) Çıxışlardan sonra Cənab Komarovski Beynəlxalq Dialoq Mərkəzinin qırmızı lentini kəsdi və muzeylə tanışlıq başladı. Muzeyə baxış zamanı iştirakçılar onlar üçün hazırlanmış Miloşun divardan topa şəkildə asılmış şeirlərini və şəkillərini cıraraq verilmiş xüsusi qutuya yığıb özləri ilə yadigar olaraq götürürdülər.
Sonra müxtəlif yerlərdən gəlmiş filosoflar çıxış etdilər, şairlər şeirlər oxudular. Tədbir sonda incəsənət ustalarının iştirakı ilə yekunlaşdı.
Fasilələrdə tanışlıqlar, fikir mübadilələri aparılırdı. Bu fasilələrdə mən Polşanın ünlü simalarından biri olan, şair, nasir, esseist, beynəlxalq ədəbi mükafatlar laureatı Adam Zaqayevsk, Litvadan gəlmiş şairlər, o cümlədən Martselius Martinaitis, Rusiyadan olan tərcüməçi Roitman, “Siyena” Mədəniyyət Mərkəzinin Direktoru cənab Kşiştof Çijevski, Krakovdakı Kitab İnstitunun rəhbərliyi ilə ayrı-ayrılıqda söhbətlər etdik. Təbii ki, söhbətlər əsasən, ədəbiyyatdan, tərcümədən, əlaqələrdən olurdu.
Onu da qeyd edim ki, Miloş Litvada doğulduğundan litvalılar onu öz şairləri kimi sevirlər və bu tədbirə də qonaq qismində ən çox qatılanlar elə litvalılar idilər. Çeslav Miloşun yubley tədbiri Litvada da qeyd edilmişdir.

Səfərdə əsas məqsəd bu tədbirdə iştirak etməklə bərabər, eyni zamanda bəzi görüşləri də keçirmək nəzərdə tutulmuşdu.
Belə ki, Polşa Ədəbiyyatının Sənədləşməsi və Tədqiqatı İnstitutunda, Mədəniyyət və Milli İrs Nazirliyində görüşlərim oldu. Varşava Univerisitetində türkoloq, prof. Danuta Xmeilovska və polşanın məhşur şairi, prof. Andjey Zanievsk ilə də görüşdüm.
Bütün görüşlərdə olduğu kimi bu görüşlərdə də Azərbaycan-Polşa ədəbi əlaqələrinin inkişafı, bədii əsərlərin tərcüməsi və nəşri, əbədi mübadilələrin aparılması müzakirə mövzusu idi. Onu xüsusi qeyd etmək istəyirəm ki, Polşanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə ərsiyə gəlmiş Səlim Babullaoğlu ilə mənim tərcümə etdiyimiz “Çağdaş polyak poeziya antologiyası” kitabını görən hər kəsin gözlərində təəccüb və sevinc açıq-aydın hiss olunurdu. Çünki Polşada ədəbiyyata və mədəniyyətə xüsusi önəm verilib. Polşa ədəbiyyatının tərcüməsi və yayılması sistemli şəkildə proqram formasında həyata keçirilir. Bununçün xüsusi institut məşğul olur. Bu çox təqdirəlayiqdir və öyrəniləsidir. Bu təbliğatın ən yaxşı formasıdır. Sevindirici haldır ki, bizdə də bu tip layihələrin hazırlanması yönündə işlərə başlanılır.
Polşalıların gəldikləri bir qənaət var ki, çətin, çox əzablı tarixdə xalqın milli özünüdərki siyasətdə deyil, ədəbiyyatda özünü tapdı. Bəlkə də buna görə Polşada şairlərə xüsusi bir xoş münasibət var. Mən qonaqpərvərlik, mehribanlıq gördüyüm Polşanı və polyakları ona görə daha çox sevdim.

Sonra Varşavadakı Adam Miskeviç adına Ədəbiyyat Muzeyinin Direktoru Ph.D Yaroslav Kleynoski ilə görüşdüm. Cənab Kleynoski “Çağdaş polyak poeziya antologiyası” və mənim “Qarabağ rüzgarları” kitabımı, eyni zamanda dahi polyak bəstəkarı Şopenin 200 illiyinə həsr etdiyim “Şopenin ürəyi” poemamın polyak və azərbaycan variantlarını muzeydə eksponar kimi saxlanılacağını bildirdi. Antoloğiyanın həm də Çeslav Miloşla bağlı sərgidə nümayiş etdiriləcəyini söylədi.
Polşa PEN klubunun prezidenti Adam Pomorsk ilə görüşdə ümimiyyətlə PEN klubların, o cümlədən Şərqi Avropa ölkələrində və keçmiş Sovet ölkələrindəki PEN klubların fəaliyyəti, ədəbiyyat, nəsr, oxucu məsələləri, ölkələrimizin tarixi, oxşar cəhətlər, əlaqələr, Qafqaz, əksər görüşlərdə olduğu kimi Qarabağ və başqa mövzularda xeyli söhbətlərimiz oldu. Həm Varşavada, həm də Krasnoqrudda görüşdüyümüzdən söhbət üçün xeyli vaxtımız var idi.

Polşada çox yerlərdə olmaq istərdim. Keçən il bəzi səbəblərdən 200 illik yubiley tədbirində iştirak edə bilmədiyim Dahi Şopenin Varşavadakı ev muzeyində olmaq və onun ürəyi saxlanılan Müqəddəs Xaç kilsəsini görmək istəklərimdən biri idi. Çox sevinirəm ki, bunlar mənə nəsib oldu. Bir də Köhnə Şəhərdə. ABŞ-ın Azərbaycandakı səfiri, Cənab Meytu Brayze xaralıqlığa çevrilmiş mənim doğma Ağdamımı II Dünya müharıbəsindən sonrakı Varşavaya bənzətmişdi. Mən Ağdamın gələcəyinə baxmaq, eksponatlardan bu günkü-gedə bilmədiyim şəhərimi görmək istəyirdim. Gördüm. Keçmişin acısıyla bu günün sevincinin arasındakı çaşqınlıq içindəydim. Onu bilirəm ki, sol gözümün baxışlarının daşıdığı yük Vislanın suyuna qarışıb axırdı.

Azərbaycan Respublikasının Polşadakı səfiri, cənab Həsən Həsənovla da görüşümüz oldu. Keçirilən görüşlər, Polşa-Azərbaycan ədəbi əlaqələri, onların inkişafı və gələcək əməkdaşlığı barədə fikir mübadiləsi apardıq.


Ümumilikdə, həm tədbir, həm də görüşlər mədəniyyətlərin və ədəbi əlaqələrin bundan sonrakı inkişafında, mədəniyyətlərin dialoqunda xüsusi rol oynayacağı görünməkdəydi. Bütün görüşlərdə bu kimi tədbirlərin hər bir ölkədə düzənlənməsi və bundan ancaq ədəbiyyatın və mədəniyyətin qazanacağı xüsusi vurğulanırdı.
Görüşdüyüm şairlərin, tərcüməçilərin, mədəniyyət xadimlərinin görüşdən məmunluqlarını və Azərbaycandakı mədəni tədbirlərdə iştirak etmək arzusunda olduqlarını bildirdilər.
İnanıram ki, əlaqələr artdıqca, genişləndikcə polyak ədəbiyatını azərbaycan oxucusu daha yaxından tanıyacaq. O cümlədən Azərbaycan ədəbiyyatını polyak oxucusu. Bu sahədə işlərin səmərəli aparılması üçün danışıqlar və müzakirələr davam etdirilməlidir.

Çeslov Miloşun şeirlərinin işıgı Krasnoqruddan ayrılan insanların gecə yoluna işıq salırdı.


Polşa. Varşava-Krasnoqrud.
01.07.2011

Hiç yorum yok:

Yorum Gönder