5.12.2012

Həsrətini çəkdiyimiz qapılar


                            
O gün yaman yorulmuşdum. Zarafat deyil, yayın istisində nə qədər yol gəlmişdim. Hospitaldan hərbi hissəyə qayıtmayan əsgərimi axtarırdım. Öz kəndlərinə getdiyini təxmin edirdim. Elə onların kəndlərinə gedən avtobus dayanacaqdan əsgərimi soraqlayarkən, təsadüfən onun qardaşına rast gəldim. Adı Cəmil idi. Yanındakıların nəzərlərini cəlb etməmək üçün dayanacaqdan kənara çəkilməli olduq.
Eşitdiyi xəbərin Cəmil üçün gözlənilməz olduğunu baxışlarından hiss etdim.
Cəmil rayon mərkəzində yaşayan xalası oğlugilə getməyimizi məsləhət gördü. Biz evə gələndə xalaoğlu yatırdı. Cəmil xalası oğlu Samiri yuxudan birtəhər ayıldıb başa salmağa çalışdı ki, o gələnə kimi, yəni sabahadək mən burda qalacağam.
Cəmil mənə “Siz burda qalın. Mən Bakıya-bacımgilə gedim. Qardaşım evə gəlməyib, olsa, orda olar”-deyib,  evdən çıxdı.
Samir, deyəsən, dünən möhkəm vurmuşdu. Halı özündə deyildi. Mənə “sən də bir az istirahət elə, yol gəlmisən” – deyib, təzədən yatdı. Bu istidə mehin belə əsmədiyi yerdə, günün günorta çağı dincəlməkmi olardı? O yuxudan oyanana kimi gah həyətdə gəzir, gah da evdə otururdum.

Bakıya gedib-gələndə avtobusun buralarda hətta qışda nahara dayanmasını istəmədiyim yerin dəhşətli avqust ayı idi. Bu yerləri yaxşı tanımamağım narahatçılığımı bir qədər də artırırdı.

Tanımadığın ev, tanımadığın adamlar. Evin kişisi də hələ yatır. Bir tərəfdəndə boğucu istisi. Ev sahibinin ayılmasını gözləməkdən başqa çarəm qalmadı.
Nəhayət ev yiyəsi yerindən qalxdı. Təzədən görüşdük. Kim olduğumu anlatmaq məcburiyyətində qaldım. Yadına nəyisə salırmış kimi-“hə, hə”-deyib, guya xatırladığını izah eləmək istədi.
Samir: “yemək gətirin, görmürsünüz qonağımız gəlib”- deyərək evdəkiləri səslədı. Özü də gedib bir litrlik qabda spirtlə suyu qarışdırıb həyətdəki stolun üstünə qoydu.
Içkili adamdan, içki düşkünündən xoşum gəlmir.
“Nədən zəhləm gedir, o da başıma gəlir”-deyib, özüm-özümü danlayırdım. Isti də ki bir tərəfdən.
“Sağlığınıza axşam möhkəm vurmuşuq”-deyib, Samir qədəhləri doldurur.
Pis yoldaşlıq eləsəm də, özümü zorlamaq məcburiyyətindəyəm.
Gördüklərim, həyatın özünəməxsus, lakin yanlış qanunları istinin cırhacırında məni rahat buraxmırdı.
Özünün dediyi kimi, “bütün günü bu vəziyyətdə olan” bu adamın ailəsi, uşaqları onun başına fırlanırdılar.  “Orda oturma, burda otur. Sən bir az istirahət elə”, nə bilim, nə, nə...
Mən ata, ailə sevgisini başa düşürəm. Ancaq hər şeyin qarşılıqlı olmasını da anlayıram. Bütün diqqətini ailəsinə həsr edənə, başlarına fırfıra kimi fırlanana bu gördüklərimin  onda biri qədər diqqət olmadığını da görmüşəm. Çox şeyin yerində olmadığını görüb, təəssüflənirsən. Həyatın qəribəlikləri ilə barışmaq məcburiyyətində qalmalı olursan. Həyat həqiqətən təzadlarla doludur.

Samir ümumi vəziyyətdən gileylənib, içkiylə başını bir təhər qatdığından uzun-uzadı danışaraq vəziyyətinə bəraət qazandırmaq istəyirdi. İçkinin istisi havanın istisindən betər idi. Düzü, nəfəsim lap kəsilirdi. Bir təhər dözüb bu içki məclisini yola verə bildim. Elə yenicə sakitləşmişdik ki, darvaza döyüldü. Samir gedib qapını açdı. Gələn dostu Tahir idi. Onu mənə belə təqdim etdi.
Bir az dünənki yemək-içməkdən danışdılar.
Tahir: “  Komandir, bu tanışlığı gedib restoranda yumalıyıq”- deyib, ayağa qalxdı. Etiraz heç cür qəbul olunmurdu. Tahirin maşınına oturduq. Mənə hörmət əlaməti olaraq qabaqda oturmağı təklif etdilər, Samir isə oturacağı çıxarılmış arxa tərəfdə çöməlib oturmalı oldu.

Həyət evlərinin arasıyla bir xeyli gedəndən sonra maşın Bakı yoluna çıxdı. Bir az da gedib avtovağzal restoranının yanında dayandı.
Insafən, bizi  yaxşı qarşıladılar. Yeməyin orasından-burasından ditdələdim, amma içki içmədim. Israr etmələrinə baxmayaraq etiraz etdim. “Çox istidi”, deyib, canımı bir təhər qurtardım.
Restoranda bizdən başqa heç kim qalmamışdı. Bəlkə də bu günün başa çatmasını, səhərin tez açılmasını heç kəs mənim kimi arzulamırdı. Bircə canım bunlardan qurtaraydı, deyə, düşünürdüm. Bircə sabah Cəmil gələydi, mən də çıxıb gedəydim.
Saat on ikiyə qalırdı. Amma hava hələ soyumamışdı. Axır ki, qalxmalı olduq. Maşına oturanda Tahir, “bizə gedirik”,- dedi. Mən qonaq olduğumdan bilmədim nə deyim. Restorandan çıxdığımıza o qədər sevinmişdim ki, hara gedəcəyimiz mənim üçün o qədər də əhəmiyyətili deyildi. Maşın rayon mərkəzindəki dəmiryol vağzalını keçib, arxa məhəlləyə sarı döndü. Vağzalda tək-tük adamlar gəzişirdi. Deyəsən qatar xeyli vaxt idi yola düşmüşdü. Növbəti qatarın gəlməyinə isə hələ var idi. Bir iki küçə də adlayıb, bir dalana döndük. Maşının işığı düşdüyü yerdən başqa heç nə görünmürdü. Hamı həyət işığını da söndürmüşdü. Məhəllə gecə yuxusundaydı. Bu qaranlığın içində özünəməxsus bir sakitlik var idı. Küçədə heç kim yox idi. Sanki hamı istiliyi udan sükutun pozulacağından qorxub ortalıqdan çəkilmişdi.
Birdən maşının işığında qonşu həyətin qapısının ağzında bir qaraltı göründü. Bir nəfər qapıya söykənib yatmışdı. Tahir “ köhnə qonşum, Qəribdi”,-dedi. Ata evləridi. Atası, anası öləndən sonra buranı satıb arvadıgilin kəndində bir ev alıb. Ora köçüb. Ailəsi, uşaqları var. Amma son vaxtlar orda qala, rahatlıq tapa  bilmir. Hərdən gəlib burda oturub özü-özüylə nəsə danışır, sonra da qapıya söykənib yatır”.
Köhnə, iri taxta darvazalı iki mərtəbəli ev idi, ata evi.
Tahir maşından düşüb köhnə qonşusunu silkələyib oyatdı.
- Burda niyə yatmısan, ə, dur gedək bizə, deyib, ərklə Qəribin çiynindən vurdu.
Qəribsə yerindən tərpənmək istəmirdi.
-Sən Allah, dəymə. Bura elə rahatdı, deyərək, darvazaya sığındı.
Tahir “dur, dur gedək, anam da səni görüb sevinəcək”, deyərək,  qolundan tutub onu qaldırdı.
Tahirgilin həyətinə keçdik. Təkcə həyətin işığı yanırdı. O da həyəti güclə işıqlandırırdı. Evdəkilərin hamısı yatmışdı. Həyətə girən kimi Tahir anasını harayladı:
Ay ana, dur, qonağımız var.
Əlli-əlli beş yaşlarında bir qadın otaqdan çıxıb üzünü mənə tutaraq-xoş gəldiniz,-dedi. Ananın tanımadığı təkcə mən idim. Gecənin bu vaxtında onu narahat etdiyimizdən çox utandım. Ana Samirlə hal-əhval tutdu. Taxta sütunun arxasında dayandığından Qəribı görmədi. Elə geri dönüb otağa keçmək istəyirdi ki, Tahir: “ana, Qəribı görmədin? Darvazalarının qabağıda yatmışdı, oyadıb gətirdim”-deyər-deməz, Qərib: “xala”-qışqıraraq, öz doğma anasının qucağına atılırmış kimi onu bərk-bərk bağrına basıb ağladı. Dünya görmüş ana Qəribin üzündən öpüb sakit, bir az da kövrək səslə:
-Ağlama bala, ata-ananın ruhudur səni sakit buraxmayan. Gül kimi mülkü, ata yurdunu qoyub getdin-deyib, bu gecə uşaqlığını yaşayan qonşusunun başını tumarladı. Qərib çoxdan yadırğadığı qucağın, ana nəvazişinin təsirindən uşaqlaşmışdı. Onun neçə illərin həsrətinə qovuşduğu, rahatlıq tapdığı aydınca hiss olunurdu.
     Gecədən xeyli keçməsinə baxmayaraq ana əl-ayağa düşdü, yemək hazırladı, süfrə açdı. Süfrəyə yemək gətirildiyindən ac olmasaq da, bayaqdan ehtiyac olmadığını desək də, əlimizi süfrəyə uzatdıq. Qərib “yox, mənim yeməyim var”- deyib, qoltuq cibindən balaca bir bükülü çıxartdı. Bükülünün içindəki çörəyin arasında pendir vardı. Hamı çörəklə pendirə baxırdı. Bəlkə də hamının süfrədəki toyuq çığırtmasını qoyub ondan dadmaq keçirdi könlündən. Uşaqlaşmışdımı hamı. Əllər süfrədən çəkilmişdi.
Tahirin səsi hamını ayıltdı: “Ə, onu qoy cibinə, sabah yeyərsən. Özünə yemək çək”.
Qərib yeməkdən götürüb iştahla yeməyə başladı. Bir loxma götürüb, bayaq yediyimizi bəhanə gətirib əlimi süfrədən çəkdim. Boğazım qurumuşdu. Altdan-altdan Qəribin üzündəki sevinci, onun deyib gülərək necə yemək yediyini seyr edirdim. Baxışlar, zarafatlar, xoşbəxtlik sanki bir gecənin, bir neçə saatın içində cavanlaşdırmışdı onu.

Bizə eyvanda yer düzəltdilər. Gözümə yuxu getmirdi. Amma Qərib yerinə girən kimi yatdı. Deyəsən xeyli rahatlanmışdı. Xəyalından nə keçirdi. Indi nələri düşünürdü. Xatirələrində neçə yaşındaydı, görəsən. Məndən olsaydı onu özü oyanana kimi oyatmazdılar. Röyalarında təskinlik tapan bu adamı elə royalarıyla baş-başa buraxardıq. Insan hər zaman rahatlıq tapa bilmir. Bəlkə neçə illərin sıxıntısından qurtulurdu bu gecə. Bəlkə neçə illərdən sonra anası ilk dəfəydi saçını yenidən sığallayırdı? Ona görə ayılmaq istəmirdi. Bəlkə o son illərin ən xoş gecəsini yaşayırdı. Nə vaxt imiş atası ona bu gecəki kimi xoş sözlər demirmiş. Qəribə bir sevinc, təbəssüm vardı sevinci yadırğamış o üzdə. Yuxulu gözləri gülürdü. Hətta dodağı da qaçmışdı. Bu gecə o xoşbəxt idi. Xoşbəxt idi royaların qoynunda. Atasının, anasının yanında. Insan var neçə ildi nə atası, nə anası yuxusuna girmir. Özü ömrü boyu yuxulu olsa da. Onu bu şirin röyadan oyatmaq, bu sevincli gecədən ayırmaq ən böyük qəddarlıq olardı. Çünki bu yuxulardan ayrılmağın nə qədər acı, sərt olduğunu mən bilirəm. Axı mən də həmişə belə yuxuların arzusunda olmuşam. Həsrətində olmuşam. Amma bu cür yuxuları hər zaman görmək olmur. Hər gecə yuxular görsən də. Bu cənnət yuxusudu. Doğma yerdə doğma adamlarınla olmaq qədər şirin heç nə yoxdu. Hətta royada olsa belə. Qovuşmaq qədər şirin nə var dünyada?!

O gecə yata bilmədim. Dəmir darvazamız  gözümün qarşısından çəkilmirdi. O darvazaya sarılmaq, rəngi getmiş üzünə üzümü sürtmək, ona söykənmək istəyirdim. Harda, kimin  həyətində olmasından asılı olmayaraq onu bircə kərə açmaq, o doğma cırıltısını bir daha eşitmək istəyindəydim. Qulaq yaddaşımdakı köhnə cırıltısını. Hamımızı içəri çağıran doğma cırıltılı o səsi bircə kərə eşidə bilsəydim. Anası çağıran quzu kimi qaçardım o səsə sarı. Kim bilir indi hardadı o darvaza. İndi səsi kallaşmış olar. Mənim ayaq səsimdən cavanlaşar, o illəri yadına salar. Təzələşər. Məni də cavanlaşdırar. Bir cırıltı səsi də insanı cavanlaşdırarmış, özünə qaytararmış.
Söykənə biləcəyim, məni keçmişimə aparan, keçmişimə qaytaran Qapı. Doğma qapı səsi.

Mən tezdən durub getməli oldum. Cəmillə görüşməliydim.
Fikrim bu evdə ilişib qalmışdı. O gecəki səhnənin kadrlarında.
Mən gedəndə bu yad adamlar içində sanki çoxdan tanıdığım, mənə hamıdan doğma gələn Qərib, üzü ata yurduna sarı hələ yatırdı. Gülümsəyirdi yuxuda. Köhnə darvazanın qapısı isə ağır-ağır, boğuq bir səslə açılıb, bağlanırdı.
Qərib bu gecə o qapını balaca əlləriylə yenidən güclə itələyib açır...
      Mənsə getməliydim. O itmiş, pas atmış qapıları açmağa...

Yoxluğun içində həmişə var olan, SƏN




                                                                                                                                         
Yaraları sağaldan zaman SƏNin yoxluğunu mənə unutdura bilmədi. SƏNsizliyi sağalda bilmədi.

Bir günlük xatirəni bir gecəyə danışıb qurtara bilmirdik. İndi bir gecəyə 40 illik xatirəni özüm-özümə danışıram. Öz-özünə danışmaq qədər sürətli heç nə yoxmuş, bu sürət zamanında.

                                                       *  *  *
Bir ildi əlim evimin zənginə qalxmır.
Üzümə heç kimin açmadığı qapının çalınan zənginə özüm gedirəm.
Gələn qonaqlar da daha əvvəlki kimi səslü-küylü olmurlar.
Özünəməxsus sükut, səssizlik aparıb dəhlizin nəvazişli şirinliyini.
Otağın boşluğunu duyan çaynik də dəyişib səsini.
Divara hopan səslər gecələr olanları, olmuşları yuxuma danışır ahəstə bir səslə.

Düz bir ildir evin hər tərəfindən, gah otaqdan, gah mətbəxdən gözünü mənə zilləyən baxışlar:

-          Ac deyilsən?
-          Çay içmisənmi? 
-          Sənə soyuq deyil ki?
-          Axşamlar üstünü yaxşı ört.
-          Bayırda yaman soyuqdu. Əynini qalın gey!
-          ......................................................................., söyləyir.
.
Hər yerdə, hər zaman SƏN varsan. Məni darıxdıran və məni darıxmağa qoymayan, SƏN.

Gecələr “yuxun şirin olsun”- dediyim SƏNə, “əbədi yuxun şirin olsun”- deyirəm bir ildir.
Xəyalların, xatirələrin yola verdiyi bu bir ildə, alışa bilmədim SƏNsizliyinə.

Bu evin hər yerində SƏN varsan.
Güzgülər hələ də SƏNi göstərir.
Siluetin baxır güzgüdən:

-          O biri köynəyi gey!
-          Bu qalstuk sənə yaman yaraşır.
-          Şərfini vur!
-          Yola nə lazımsa götürmüsənmi?...

                                                *  *  *
Səfərə çıxıram. Dönub arxaya boylanıram. Qapı, elə mən örtən qapıdır.
Pilləkanlar da qupquru. 


Alicənablığın və sevginin zirvəsi-Rafiq Əliyevin hisslərini qismət anlayaraq ifadə edən
                                                                                                                   Rəfail Tağızadə 

Xəyalımdakı Şuşam


... Ağdamın müasir formada tikilmiş göyşüşəli üçmərtəbəli təzə avtovoğzalında qələbəlik idi.
Binanın içərisi, həyətindəki marşrutların gediş istiqamətləri, yola düşmə vaxtı yerli-yerində göstərılıb. Daha nəyisə soruşmağa ehtiyac qalmır.
Hər yarım saatdan bir Ağdam-Şuşa avtobusu yola düşür. Bilet alıb növbəti avtobusa əyləşdim.

Avtobus Uşaq  Xəstəxanasının yanından ötüb güllü-çiçəkli geniş küçəylə Ağdamın içərisinə doğru irəliləyir. Şəhərin Ticarət Mərkəzi Avropanın ən böyük Ticarət Evini xatırladır. Adamların çoxluğu satışda həmişəki kimi axtarılan malların tapılacağından xəbər verir.
Ağdam Dram Teatrı öz əzəmətini qoruyub saxlayıb.
Meydan bir az da genişlənib. Daha yaraşıqlı olub.
Hərbi Komissarlıq daha müasirdi. Girişdə dayanan əsgər və zabitlərin hərəkətləri buranın nizamlı hərbi obyekt olduğu qənaətini yaradır.
Diqqəti daha çox çəkən Abidə Meydanındakı üstü adlarla dolu qara lövhələrdi. Lövhələr elə yerləşdirilib ki, sonuncu adı oxumaq mümkün olmasa da, yazısı hiss olunur. Mən buraları gündüz keçdiyimdən gecələr məşəlin dalğalanan işığında lövhə və yazı yerdəyişməsini, ancaq təsəvvürümdə canlandıra bilirəm.

                                            *  *  *
... Ağdamdan çıxan avtobus Əsgəran qalasından keçib Şuşaya istiqamət götürür. Avtobus dolanbac yollarla Şuşaya doğru qalxdıqsa ətrafdakı gözəllik adamı özünə çəkir. “Yarəb! Buralar necə də gözəlmiş”- deyə, düşünürsən.
Bu qədər gözəllikmi olar? Bunu duymaq, hiss etmək üçün bu yerlərdən uzaq düşüb, buralara yenidənmi qayıtmaq lazımmış? Özününkü olana dəyər vermək bu qədərmi çətinmiş? ...

Bu füsunkar təbiətin pəncərədən içəri dolan xoş rahiyəsi adamı məst edir. Bəlkə də çoxdan belə hissləri yaşamadığımızdan, təbiətin bu qədər gözəl olduğunu unutduğumuzdandır bütün bunlar.
Avtobusda bizimlə ilk dəfə buraları görən turistlər təəccüblərini gizlədə bilmirlər.

                                              *  *  *
Avtobusun Qala qapısına nə vaxt çatdığını hiss etmirəm.
Şuşanın girişindəki Qala divarları, Qala qapısı adamı keçmişə aparır.
Daha çox diqqət yetirdikdə burada müasirlik elementlərinin də olduğu hiss olunur.

... Avtobus Şuşa avtovağzalında dayanır. Avropa və Şərq üslublarının sintezi ilə tikilmiş bu binada köhnə və yeni Şuşanın elementləri hiss olunur.
Buradakı turş sudan içib bir az rahatlanıram. Hər dəfə bura gələndə avtovağzalın restoranında ilk növbədə xəngəl yeyərdilər. Indi çoxsaylı turistlər də diqqətdən qaçmayıb. Yeməyin çeşidləri artılıb. Şuşalıların iaşə xidmətindən olmaz.  Bu hər zaman belə olub. Indi xidmət bir az da müasirləşməklə yanaşı şuşalıların xidmət özünəməxsusluğu da saxlanılıb.

                                                    *  *  *

Şuşaya gələn turistlərin çoxluğunu nəzərə alaraq lövhə və reklamlar iki dildə: azərbaycan türkcəsində və ingiliscə yazılıb. Şuşanın görməli yerlərində olmaq (əslində, Şuşanın hər yerində özünəməxsus gözəllik və qədimlik var), onun haqqında informasiya toplamaq üçün hər cür imkanlar yaradılırdı. Bu vəzifəni gitlər-tərcüməçilər yüksək səviyyədə yerinə yetirirlər.

Biz Şuşaya gələndə reklam lövhələrində burda Beynəlxalq Musiqi Festivalının keçiriləcəyi bildirilirdi.

                     
                                             *  *  *
Şuşa şəhərini salan Pənahəli xanın Şuşa üçün, Qarabağ üçün elədiklərini eşidən hər kəsin könlündən onun möhtəşəm heykəlinə təzim etmək keçir.

Mir Mövsün Nəvvabın qəbri, Vaqifin məqbərəsi, Natəvanın, Üzeyir bəyin, Bülbülün ev muzeyləri yeni görkəm alıb. Onu da deyim ki, Natavanın, Üzeyir bəyin və Bülbülün büstləri daha etibarlı olsun deyə mərmərdən hazırlanıb.

17 məhəllənin hər birinə xüsusi lövhələr vurulub.

Gövhərağa Məscidi. Tarixi keçmişə minbərindən şahidlik etmiş məscid yaşa dolmuş kimi görünür. Onunla danışmağa, onu dinləməyə, dua etməyə gələnlərin sayı-hesabı yoxdur.

Bazar yenə qaynayır.
   
Bu da Cıdır Düzü.
Burada kəkotulu kababdan, kəkotulu çaydan dadanların dad hələ də damaqlarındadı. Panoraması ilə seçilən Cıdır Düzü, bir qədər də gözəlləşib. Ətrafda xüsusi zövqlə tikilmiş obyektlər onun təbii gözəlliyini bir qədər də artırır.

                                                    *  *  *
Hamı Topxana meşəsinə, taladakı iri qara ağaca baxır. Armud ağacına. Tərcüməçi turistlərə ağacı göstərərək inadla nəyisə izah edir. (O həmin ağacdır ki, Qarabağ hadisələri zamanı ermənilər tərəfindən Topxana meşəsində kəsilməsi Azərbaycan xalqının Milli Oyanışında rəmzi başlanğıc rolunu oynamışdır.)

Gələn qonaqların hamısı  enli yolla məşhur İsa bulağına enir. Hər tərəfdə bir səliqə-sahman var. Xanəndələr dəstəsi... Yemək, içmək məclisi... Su da elə həmin sudur: saf, büllur.

                                                      *  *  *
Şuşa həmişə gözəl olub.
Nə təmiz havandan, suyundan, təbiətindən, nə özündən, ndə baxışlarından doymaq olmur, Şuşa!

                                                    *  *  *
Görənin bir baxışla vurulduğu Şuşadan ayrılmaq istəməsək də, müvəqqəti ayrılmaga məsburuq. 
Şuşadan çıxanda avtobusda turistlərlə birgə hamı bir ağızdan “Necə də gözəlsən, Şuşam, ay, Şuşam”, oxuyurdu.