10.18.2011

Polşa notları: Şopenin Varşavasında yaşanan duyğular

Bakı yuxusundan tam ayılmamışdı. Xəzərin ləpələri laylasının təsirindəydi. Mən isə aeroporta tələsirdim. Yolboyu əl-ələ tutan gecə fənərlərinin işığı zolaq kimi uzanırdı. Məni İstanbula aparacaq təyyarəyə vaxtında çatdım. Təyyarə havaya qalxanda artıq dan yeri sökülürdü. Elə bil qaranlıq təyyarənin gurultusundan qaçırdı.
Nəhayət, ağ pəmbə buludların arasından “Gözəlim İstanbul” görünürdü. Gecəsi gündüzündən də gözəl olan İstanbul. Nazim Hikmətin İstanbulu.
Təyyarə Atatürk Hava Limanına enəndə İstanbula yağış yağırdı. Polşanın Bakıdakı səfirliyindən Polşada, xüsusi ilə də, Krasnoqrudda soyuq olacağını demişdilər. Yay olmasına baxmayaraq, bir az qalın paltar və gödəkcə götürməyi də məsləhət bilmişdilər. Polşanın Xarici İşlər Nazirliyinin, Bakıdakı səfirliyin və Varşavadakı Adam Miskeviç İnstitutunun təşkilatçılığı ilə baş tutan bu səfərin sonuncu günü Krasnoqrudda olmalı idim. Beynəlxalq tədbirin keçiriləcəyi bu şəhər Polşanın şimalında, Litva ilə sərhəddə yerləşir. Gölün kənarında, meşə ilə əhatə olunmuş bu şəhərin şıltaq havasını təsəvvür edirdim. Ona görə də məsləhətə qulaq asmalı oldum.
İstanbulun belə yağışlı olduğunu görəndə, ilk dəfə olacağım o məkanın necəliyini bir daha xəyalımda canlandırdım.
İstanbul yağışda da gözəldi. Qarda da. Bəlkə bu bizə elə gəlir. Bəlkə sevgidəndi bütün bunlar. Amma həqiqətən gözəldi, İstanbul. Dənizin əhatəsində. Camiləri, asma körpüsü dənizlərin qoynuna aldığı bu şəhərə xüsusi gözəllik verir.
Bir neçə saatdan sonra elə buradan, bu möhtəşəm hava limanından Varşavaya uçacağam.
Həm Bakı-İstanbul, həm də İstanbul-Varşava reysini Türk Hava Yolları yerinə yetirirdi.
Təyyarə havaya qalxır. İstanbula bir daha tam baxmaq imkanı əldə edirəm. Ağ buludlar qar topaları kimi şəhəri və dənizi yavaş-yavaş örtməyə başlayır. Bir müddət yer deyilən heç nə görsənmir.
Artıq təyyarədən meşələr, xırda göllər, yamyaşıl talalar, otlaqlar görsənir. Bu gözəl təbiətlə əhatəyə alınmış, qotik, barokko uslubunda tikilmiş köhnə-təzə Varşava adamı kənardan özünə çəkir. Stüardessanın türkcə: “Şopen adına Varşava Hava Limanına enirik” səsi eşidilir. Şopenin Varşavasına enməmiş, Polşaya qədəm qoymamış mənimçün əziz olan “Şopen” adını eşitmək necə də xoş idi.
Görmək istədiyim gözəl bir yerə, bir məmləkətə gəldiyimi hiss etdim. Daxilən bir az yüngülləşdim. Bəzən eşitmək istədiyin bir xoş söz, bir təbəssüm insanın ovqatını, münasibətini dəyişir. Səfərə tək getməli olduğumdan az da olsa daxili nigarançılıq vardı. Bu mənim Polşaya ikinci səfərim idi. Elə birinci səfərdən bu məmləkətlə dostlaşsam da, aradan ötən dörd il özünü göstərirdi.

Polşa...
Mən səni görmədən sevmişdim hələ
Adam Miskeviçin şeirlərindən,
Şopenin sehrli musiqisindən...

–deyirəm hərdən özüm-özümə.

Görüşəcəyim adamları tanımasam da, neçə illərin tanışları kimi təsəvvür edirdim onları.
Danışıqlarını təmiz anlamadığım, dilini bilmədiyim bu ölkəyə Türkiyəyə gedirmiş kimi gedirdim. Hətta tərcüməçi olmasa belə, biri-birimizi anlayacağımızı düşünürdüm. Doğmalar kimi.
Varşavanı yenidən gördüyümə sevinirdim. O, xoş təbəssümlərlə yenidən rastlaşacağıma, keçən dəfə görə bilmədiyim yerləri görəcəyimə və yeni dostları qazanacağıma inanırdım. Həm də ona görə sevinirdim.
Artıq təyyarəni tərk edirəm. Bu da nə vaxtdı görmək istədiyim Polşa, Varşava...

* * *

Hər dəfə Varşavada olacağımı düşünəndə Şopenlə bağlı olan hər yerdə olmaq keçir könlümdən. 2010-cu ildə açılmış Friderik Şopen Muzeyi, Şopenin doğulduğu Jelyazova Volya qəsəbəsi, onun Varşavada yaşadığı ev və daha çox görmək istədiyim, onun ürəyi saxlanılan Müqəddəs Xaç kilsəsi. Parisdə dünyasını dəyişən Şopen “Per-Laşez” qəbiristanlığında dəfn olunub. Şopenin son vəsiyyətinə əsasən ürəyi Varşavadakı Müqəddəs Xaç kilsəsində saxlanılır.
1810-cu ildə Varşava yaxınlığındakı Jelyazova Volya qəsəbəsində anadan olan Friderik Şopenin anası Yustina Kşijanovska polyak, atası Nikolay Şopen fransız idi.
Nikolay Şopen əvvəlcə ev müəllimi, sonra isə liseydə fransız dili və ədəbiyyatından dərs deyir. Yustina Kşijanovska uzaq qohumu qrafina Skarbekin iqtisadçısı olub. Friderikdən başqa evdə bacıları Lüdvika və İzabella da böyüyürdü. Atası skripka və fleyta, anası isə fortepiano çalır və mahnı oxuyurdu. Friderik doğulandan bir neçə ay sonra Nikolay Şopenə liseydə müəllimlik təklif edilir və ailə Varşavaya köçür.
Friderik Şopen ömrünün təxminən yarısı qədər, 20 il Varşavada yaşayır. Hələ 5 yaşında olarkən fortepianoda kiçik pyesləri çalmağa başlayan, 7 yaşında ikən Varşavanın kübar salonlarının sevimlisinə çevrilən və ilk dəfə konsertlə çıxış edən, “Polşanın Motsartı” adlandırılan Friderik Şopen burda təhsil alır, musiqini öyrənir, konsertlər verir. Varşavada Şopenlə əlaqəli təkcə onun yaşadığı, ifa etdiyi yerləri göstərən xatirə lövhələri deyil, eyni zamanda düyməni basarkən Şopenin melodiyaları səslənməsiylə bərabər “Şopenin izi ilə” marşrut sxemini görsənən və bu yerlərin qısa yazısı olan multimediyalı oturacaqlar var. Bu oturacaqlarda fotokodla bəstəkarın həyatı və səyahəti haqqında informasiya və musiqini mobil telefonlara köçürmək də olar. Şopenə hər yerdə olan sevginin bu təcəssümündən istifadə etdikdən sonra ilk dəfə gördüyüm bu “ifaçı dayanacaq”la şəkil də çəkdirməli oldum.
Musiqi şəhəri, Şopenin Varşavasının vizit kartoçkası sayılan Friderik Şopenin Muzeyi, Avropada ən müasir bioqrafik, dünyada ən böyük Şopen kolleksiyası sayılan muzeydir. Muzey çox müasir interyerli tarixi Ostrojski (Ostroqski) sarayında yerləşir. Kolleksiyaya əlyazmalar, yazışmalar, avtoqraflar, qeydlər, tipoqrafik partiturlar, həmçinin bəstəkara aid olan predmetlər daxildir. Muzeydə bəstəkarın musiqilərini və canlı səslə konsertini dinləmək mümkündür. Məni muzeylə tanış edən muzeyin məsul əməkdaşı Olqa Nieviadomska son altı ayda muzeyə 64 yeni eksponatın alındığını dedi.
Onu da qeyd edim ki, deyilənlərə görə muzeyə ən çox maraq göstərənlər yaponlardı. Mən orda olanda növbəyə dayanan 40 nəfərin təxminən yarısı elə yaponlar idi. Burada həmişə növbə olduğunu söylədilər. Mənim üçün vaxt proqrama uyğun olaraq ayrıldığından, xoşbəxtlikdən növbəyə durmalı olmadım.
Bura həqiqətən başqa aləmdi. Mənim Şopenin həyat və yaradıcılığı haqqında müəyən məlumatlarım olsa da və bu haqda bildiklərimi mətbuatda bölüşsəm də buradakı eksponatları, o cümlədən bəstəkarın ifa etdiyi royalı görmək, onun musiqilərini doğma şəhərdə və doğma məkanda dinləmək həqiqətən məndə tamam başqa bir hiss, ovqat yaratdı.

* * *
Müqəddəs Xaç kilsəsinə girəndə ibadət vaxtı idi. Mərasimin hələ bir müddət çəkəcəyini dedilər. Şopenlə bağlı olan yerlərin yaxınlıqda olduğunu bildiyimdən vaxtdan istifadə edib o yerlərə baş çəkdim.
17 yaşlı Friderik Şopenin 1827-ci idən Polşanı tərk etdiyi 1830-cu ilə kimi ailəsi ilə birlikdə yaşadığı, Çapcki/Krasinski sarayının bir hissəsi ziyarətçilər üçün açıqdır. Salonun interyeri o dövrün mebel və alətləri, Şopenin portreti və XIX əsr Varşavasının görünüşü qrafikası ilə quraşdırılıb. Şopen bəzi əsərlərini burada yazıb.
8 yaşlı Şopenin ilk açıq konsertini verdiyi, 2010-cu ildə açılan Kordeqard Şopen Mərkəzində bəstəkara həsr olunmuş hər cür nəşrlər var. Burda musiqiyə qulaq asıb, filmlərə baxmaq olar.
Bunların hamısı bir-birinə yaxın, Varşavanın mərkəzi Krakowskie Predmiescie küçəsinində yerləşir.
Mən Müqəddəs Xaç kilsəsinə qayıdanda artıq ibadət başa çatmışdı. Kilsəyə daxil oldum. Rahib ibadətə gələnləri dinləyirdi. Kinolarda gördüyklərimi ilk dəfə idi ki, canlı görürdüm.
Şopenin ürəyi saxlanılan yerə yaxınlaşıb doyunca baxdıqdan sonra razılıq alıb şəklini çəkdim. Bəstəkarın 1880-ci ildən kilsəyə qoyulmuş Leonarda Markoninin işi (əsəri) olan mərmər abidənin altındakı lövhədə belə bir yazı yazılıb: “Sənin xəzinən haqdadı, sənin ürəyin ordadı. Friderik Şopenə-Həmvətənlərindən”. (“Gdzie jest twoj skarb, tam i serce twoje. Fryderykowi Chopinowi-Rodacy”.)

* * *

Şopenin Varşavasına xüsusi gözəllik gətirən Kral Lazenkasındakı Friderik Şopenin abidəsi, bəstəkarın dünyada ən məşhur abidəsi sayılır. Bu abidəyə oxşar çox abidələr qoyulub. Bunlardan ən məşhuru, tam eyniylə onun kimisi Yaponiyadadır.
Yay vaxtı (mayın ortalarından sentyabrın sonunadək) saat 12:00-dan 16:00-dək heykəlin ətrafında açıq səma altında Şopenin pulsuz konserti verilir. 1959-cu ildən davam edən bu ənənə məşhur pianoçuların ifası ilə həyata keçirilir.

* * *

Tarixini, tarixi yaddaşını qoruyub saxlayan, əzizlərini-onu yaşadanları əzizləyən, sevdirən, üz tutub gələnləri həm keçmişə aparan, həm müasirliyi ilə qovuşduran Varşavanı Şopensiz təsəvvür etmək çox çətindi. Bəlkə də olmaz desəm, daha dəqiq olar. Şəhərin harasında olursansa ol, harasından baxırsansa bax, orda Şopenlə bağlı nəyi isə görürsən. Duyursan. Şopenin Varşavasında.
Qonaqların eşitdiyi ilk və son kəlmə – Şopen.


P.S. “2010-cu il Şopen ili” idi. Bütün dünyada keçirilən “Şopen ili” Azərbaycanda da yüksək səviyyədə, çoxlu sayda tədbirlərlə keçirildi. Bu tədbirlərin keçirilməsində Polşa səfirliyin, cənab səfirin və səfirliyin mədəniyyət ateşesi, xanım Yoanna Senkeviçin rolunu xüsusi qeyd etmək lazımdır. Cənab səfir Mixal Labenda mənə ünvanladığı məktubda Azərbaycanda Friderik Şopenin təbliğində mənim də rolumun olduğunu qeyd edərək təşəkkürünü, Polşanın Mədəniyyət və Mədəni irs naziri, cənab Boqdan Zdroyevski tərəfindən verilmiş “Azərbaycanda Friderik Şopen İlinin təbliğində xidmətlərə görə” fəxri diplomunu mənə çatdırmışdı. Bunlara görə cənab nazirə və cənab səfirə öz təşəkkürümü bildirirəm.