7.22.2011

Nigarançılıq

Nigarançılıq

Taleyin boz fəsli dəyişmir hələ,
bu ömür baharla sevişmir hələ,
gecədə ay da yox, gündüz də belə,
gün keçir, ay ötür, könül nigaran.

Günahlar atılır zamanın üstə,
ömürlər əriyir gümanın üstə,
yaxşılar savaşır yamanın üstə,
gün keçir, ay ötür, könül nigaran.

Əllərdən qaçanlar gözlərdən qaçır,
kar qulaq haqq olan sözlərdən qaçır,
yorulan yollar da izlərdən qaçır,
gün keçir, ay ötür, könül nigaran.

Tabladıq dərdlərə dözənə qədər,
xərcləndik günləri üzənə qədər,
yaşadıq bu ömürü çözənə qədər,
gün keçir, ay ötür, könül nigaran.

Yuxu

Yuxumu qarışdırmışam
yuxumda dəniz pişikləri
əqrəbdən asılan fikirlər
udur gecə saatlarını
zamansız qaranlıq asılıb pəncərədən
ayın son işartıları yox olur göy üzündən
əriyən gecə səhərə doğru axır
pərdənin solan gülləri
maddım-maddım üzümə baxır
xəfif çox xəfif bir rüzgar əsir
dolaşıq düşüncələrdən
olmadığım gecə hələ qurtarmamış
səhərın gümanları yapışıb
qapımın darıxan dəstəyindən
qulağıma qışqırır itən zaman
dağılır boş məkan
bu gecə sən yoxsan yuxularımda
bu gecə mən də yoxam yuxularımda
gündüzlər taqətim yox
gecə ixtiyarım

gecə də mənim deyil gündüzlərim tək
zamansız qaranlıq asılıb pəncərədən
zamansız qaranlıqda
həsrətim intizarım
zamansız qaranlıqda
saatın əqrəbindən
asılmışam sanki mən

sən

süzüb ayaqdan başacan
baxib dodaqdan qaşacan
səni gözlərimə yedirdəcəyəm
sonra da
oturub ayna qabağında
könlümə köçürəcəyəm


Qara buludlara yazılan şeir

Buludlar qaralır, yenə hardasa,
sular axarından çıxacaq yenə.
Bu dünya təzədən düzələn deyil,
həsrət ürəyimi sıxacaq yenə.

Ayın ötən gündən görünmür üzü,
görünmür torpaqda bir insan izi,
gündüz dəniz üstə gəzən buludun
yenəmi qəfildən dolacaq gözü?!

Daha torpaqlar da dözmür, sürüşür.
Otağım sabahdan bir quş yuvası.
Daha olanlar da əriyib gedir
çözülmür ölümlə qalım davası.

Titrəyir üzülən xəlbir əllərim
əlimə gələnlər əlimdə qalmır,
nə qədər yeriyim özgə önündə
önümə aldığım önümdə qalmır.

Küləyə qoşulub gedəydim gərək,
üstümə tufanlar yüyürür indi.
Ötən günlərimi xəzan qarışıq
kor fələk qapıdan kürüyür indi.

Hiç yorum yok:

Yorum Gönder