1.07.2011

Şopenin ürəyi


(poema)

İstanbula getmisiniz.

Konserinizdeymiş.

Çok bahtsız bir kadını bahtiyar etmisiniz.

Yağmura uzanan iki yeşil yarpak gibi gözləri

bakmış barmaklarınıza.

Mektubunda: “Unutdum herşeyi”, diyor.

Kalurlarından başka unutacak şeyi yok.

“Ağladım”, diyor, “ferahladım”.

“Dünya”, diyor, “güzel, içim rahat”.

 Siz kıskandığım biricik insansınız, ustad.

 Nazim Hikmet

“D.Oustraxa mektub”

                                                                
                                                  
                                                             
Üvertura

Müqəddəs Xaç kilsəsi
axşam duası-orqan səsi.
Bir qərib ruh çırpınır
orqan səsində,
kotolik lex kilsəsində
həzin Şopen musiqisində.

Şopen qüssəsində qədim Varşava,
dekabr axşamında
qurğuşun kimi ağırdı hava*.

Varşava-barokko kilsələr,
daş döşənmiş hettolar,
və ağ buludlar şəhəri.
Xəyallar, arzular,
üsyanlar,
             qanlar
                      və ümidlər şəhəri.
Otel izdihamında
tənhalıq içindəyəm,  
dilini anlamadığım bu şəhərdə
lal kimiyəm.
Yalnız Şopenin musiqisi
bu anda həmdəmdi mənə,
ilham pərisi qapımı döyür yenə-
dur get Müqəddəs Xaç kilsəsinə,
qulaq as orqan səsinə.

________________________________________________________________
* - Nazim Hikmərdən interpritasiya

Bir şam yandır kilsədə
Şopenin ruhuna
unut özünü, sözünü,
bu gecə yarısı
Şopen girəcək sənin yuxuna.

Polonez

Küçə fənərləri boylanıb baxa bilmir
26-cı mərtəbənin pəncərəsindən.
Novotelin 26-cı mərtəbəsindən
Varşava gecəsinə baxıram mən.

Varşava gecələri
Şopenin musiqisi içində.
Sanki bu oteldə
                        bu pəncərədə
                                            dayanıb, durub zaman
və sanki illərin arxasından
Şopen gəlib qapını döyəcək bu an.

Varşavadan Parisə
Parisdən Varşavaya
uzanan bir yol-
bir nöktrün qədər qısa,
bir həsrət qədər uzun.
Bir not dəftəridi həyat-
hər vərəqdə bir sevda,
ümid, ayrılıq, hüzn...

Qapı döyülsə birdən
bir göyərçin kimi
diksinərəm mən.
Paltosunun boynunu qaldırmış
Şopen görünər həmən.
Pan Şopen gülümsəyər,
sirli-sirli baxar mənə
və mənim damarlarımdan
Şopen musiqisiylə qarışıq
bir şeir axar yenə.

Yumşaq bir dekabr axşamı,
illər arxasında Varşava şəhri
Şopenin musiqisi kimi axır
mavi Visla nəhri.
Şopenin nöktürnləri səslənir
axşamın qulaqlarında
bir könül rahatlığı var
Şopenin musiqisində.
Ruhum çırpınır
orqan səsində.

Şopenin musiqisi səslənir
şəhərin qulaqlarında...
Qibtə ediləcək
bir azadlıq hissi var
bu gün mənim qəlbimdə, ruhumda.         

*  *  *
Sanki 30 il öncənin adi bir dekabr gecəsi,
qaranlığın çətir tutduğu yad şəhərdə
Bakida itirdiyim gəncliyim gəzir
Varşavanın Kazimierzovski parkında.
“Ne sen bunun farkındasan, ne de polis farkında” *,
çılpaq ağaclar arasında,
boşalmış oturacaqlar sırasında,
gecəni dəlib keçən xəyallarım
şəhərin o başında.
Bir mavi gözlü pani yapışar əlimdən
utanar əlim,
utanar yeganə tanış Aydan,
utanar kənar baxışlardan.
Gecənin yüklü qaranlığında
Swietorzyki körpüsünün bərq vuran işıqları
Visla çayından keçirər məni.
Gecənin gözündən tökülən yuxu
bu gecə məndən də yenə yan qaçar,
bu gecə yenə də qalaram naçar
gəncliyimlə qolboyun
röyaların qanadında

...Varşava küçələri,
Varşava gecələri...

Şopenin musiqisi
al qanadlı mələk kimi
qanad açıb uçur-uçur
Varşavada, Vyanada, Parisdə.

*  *  *
Durna qatarına dönür musiqi.
Bir nöktürn hardasa
azır dumanda, sisdə,
Şopenin kölgəsi dolaşır boş küçələrdə,
göydə Ayın rəqs etdiyi gecələrdə.
Visla axır ağır-ağır -
Ay göydən yerə baxır.

“Mən bir gün Şopenin barmaqlarında ağlayacağam” **,
Şopen onu bilməyəcək,
göz yaşımı silməyəcək.
________________________________________________________________________
*- Nazim Hikmət;
**- Tahir Qurbanovun misrası.

Mazurka

Ejen De Lakua*, Frederik Şopen
iki romantik
dünyanı dolaşır Ay işığında.
Ay işığı sayrışır
sevinclə kədərin qarışığında.

Şirin xatirələr mazurka çalır
bir not dəftərinin varaqlarında,
barmaqlar od tutur, barmaqlar yanır,
həsrətlə sevincin qaynaqlarında.

Ört üstünü bir vərəqlə
üstünə qəmlər yeriyir,
gözlərin hey yaşarınca
nəminə nəmlər yeriyir.

Gözəl günlər uçub gedər,
uçub gedər, gəlməz daha,
ana yurddan ayrı düşdük,
üzümüz gülməz daha.

Içimizdə nəğmələr
gah gülər, gah dillənər,
ağlayan barmaqların
ahı göylərə millənər.

Şərqdən qərbə köçən quşlar
qərbdən şərqə köç eyləyər,
sən mənə könül bağlama,
həsrət mənə güc eyləyər.

Sənim dünyan, mənim dünyam,
sənin dərdin, mənim dərdim.
vətən adlı bu torpaqğa
sevinc əkdim, kədər dərdim.

______________________________________________________
*- Şopenin dostu, Şopenin və Jorj Sandın portretlərini işləmiş fransız rəssamı.

  
Nöktürn

                                                                  Otağımda Şopen...
indi gedin,
indi uzaqdan güdün
son günümün
son nəfəsini.
Bir yaşamaq istəyən
insan həvəsini.
Bir kiçik nöktürn
səslənənədək,
mən də,
ömrüm də,
ikimiz də tək...

                                      Vaqif Səmədoğlu

Musiqiçi dostum,
bir nöktürn çal,
məni məndən qopar,
məni məndən al.

Qoy süzülsün barmaqlardan
Sopenin göz yaşları-
həzin bir melodiya,
bu dünya bir şirin yuxu,
bu dünya bir acı roya.

Bu gecə Ay yox bu göy üzündə,
bu gecə hava sakit,
hardasa qaranlıqda
tor toxuyur qara sükut.

Bir qara piano var
dünyanın ortasında,
bir xəyal əyləşibdi
piano arxasında-
Şopenin xəyalı,
başı bəlalı.

Alleqro

Bir qızıl gül görünür qaranlıqda
xəyal Şopenin yaxasında.
Pəncərə önündə dayanıb Jorj Sand
kürəyində aydınca görünür bir cüt qanad.

Dünya köhnə dünyadı
ağlayan kim, gülən kim,
dünya od tutub yanır
öldürən kim, ölən kim.
Amma Şopen musiqiylə
dua edirdi yaradana,
qaranlığın ortasında
od tutub yana-yana.

Dağlar yenə oynayır,
xeyirlə şər savaşır,
göydə buludlar qaynaşır,
yerdə dəryalar daşır.

Şopen musiqi çalır
gözləri yarı yumulu,
ürəyi dərdlə dolu
tərk etdi ana yurdu.
Geri dönə bilmədi,
yaralı bir məmləkətin
göz yaşını silmədi.

Şopenin ürəyi,
ümid çiçəyi.

Ah necə sevərdi, o,
Varşavanı, Vislanı,
pəncərədə bir mələyin
islanır yanaqları...

Göz yaşında boğulur
musiqinin gözləri,
bu anda yada düşür
bir şairin sözləri:

 “Sen şimdi saçımın ağında
infaktında üreyimin
alnımın cizgilerindesen
memleketim...”

Nazim Hikmət Parisdə yazmışdı
bu misraları,
Şopen öz “Matəm marşı”nı
çalmışdı bu şəhərdə.
Nazim Moskvada dəfn olundu,
Şopen Parisdə.
Amma Şopenin ürəyi
uyuyur Varşavada,
Müqəddəs Xaç kilsəsində.

Müqəddəs Xaç kilsəsi,
axşam duası-orqan səsi.

“Sevgilim, qönçe gülüm,
başladı Lehistan obasında yolçuluğum”.
Nazim Hikmetin “Lehistan məktubu”nu
oxuyuram Varşavada
Şopenin musiqisini dinləyirəm
ana yurdum Qarabağ düşür yada.
Varşavada Novoteldə 26-cı mərtəbədə bir odada
bir odada həsrətdən inləyirəm:

“Əzizim Vətən yaxşı,
geyməyə kətan yaxşı,
qürbət cənnət olsa da,
ölməyə Vətən yaxşı.”

Bir Polşa mühaciriymiş
Nazim Hikmətin dədələrindən biri-
“Nərdə, nə zaman hürriyet dövürmüş te
              ön safında Poloniyalı bulunmamış? ”

Nazim Hikmət şeirləri ilə döyüşürdü
hürrüyyət savaşında.
Şopen musiqisiylə
azadlığa çağırırdı,
Nazim Moskvadan
Şopen Parisdən
insanlığa bağırırdı.

Hürrüyyət üçün çalışanlar
igiddi, ərdi,
onlar ölümü yenənlərdi...

Ölümü yenənlərin
yoluyla gedirik biz,
ölümü yenənlərə
dualar edirik biz.

Vals


Yanıq alnımda tale naxışı
fələk qarğışı mələk alğışı
Paqaninin musiqiylə günahları yuyuldu
kim bilir bəlkə də ən sevimli bəndəsiydi allahın
bəlkə allahın intiqamını alırdılar
yarımçıq qaldı bu şeir ondan
Paqaninin taleyini mənə ver
                                  
                                Adil Mirseyid
Bir not dəftəridi həyat
insan ömrü bir nöktrün qədər qısa.
Fələyin qulağı sağır
sən fələyə aldanma,
dur oyna, ağır-ağır.
Aldanma zilə, bəmə,
bu sevda nə sevdadı demə,
bu dünyanın sonu nə
sorma məndən, nə bilim.
Hara getsək tapar bizi,
tapar ayrılıq, ölüm.

Müqəddəs Xaç kilsəsi,
axşam duası-orqan səsi.
Şopenin ürəyi,
ümid çiçəyi...

İnsan torpaqdan gəlir
torpağa qovuşacaq,
göy qübbəsi altında
səsimiz qalır ancaq.

Qərib ruhlar dinləyər
ruhumuzun səsini,
ölümün kölgəsində
yaşamaq həvəsini.
Alma bizdən, İlahi,
müqəddəs nəfəsini
alma bizdən, İlahi.

Müqəddəs Xaç kilsəsi,
axşam duası-orqan səsi.
Şopenin ürəyi,
ümid çiçəyi...

*  *  *

Ilham pərisinin qanadlarında
gecələr qəlbimə dolar ayrılıq,
hardasa Varşava gecələrində
saralar ayrılıq, solar ayrılıq.

Bu qürbət dünyanın yad ellərində
ürəyim çırpınar, ürəyim yanar,
xəyallar üsyana qaldırır məni
qara pianonun od dillərində.

Bir yağış başlayar hardasa indi,
quşlar da diksinər yuvalarında,
illərin həsrəti dolar otağa
həzin poloniya havalarında.

Həzin poloniya havalarında
təsəlli aradım səndən uzaqda,
səndən uzaqlarda gecələr uzun,
yerin də soyuyur isti yataqda.

Quşlar leh dilində oxuyur, gülüm,
əski bir sevdanın yuvalarında,
yenə təktənhayam, yenə yalqızam,
həzin poloniya havalarında.

Amma bu tənhalıq ümidsiz deyil,
ümidsiz deyil yozduğum şeir,
sənə ərmağandı uzaq Polşadan
Şopen havasına yazdığım şeir.

Rekviyem

“Kimsə həzin-həzin
Sopenin valsın çalır”.*
Musiqi dalğa kimi
gah enir, gah ucalır.

Bir cüt xəyal rəqs edir,
öz musiqisinə oynayır Şopen.
İlham pərisi Avrora Düpen** ilə
gözlərində iki damla yaş,
bu vals tale yolu kimi uzana,
bu vals heç bitməyə kaş.
Bu valsın işində xoşbəxtdi madam,
bu valsin içində səadətdən boğular adam,
bu valsın içində ölər
və doğular adam.

Şopenin ürəyi,
ümid çiçəyi.

*  *  *

Baxışlarım,
sərkərdan xəyallarım
pəncərədən boylanar
küçə-küçə
illərin dolanbacından keçə-keçə
gah şəhərin o başında,
gah şəhərin bu başında
dolaşırıq Şopen musiqisiylə qoşa
dolaşırıq biz baş-başa
26-cımərtəbədən əl uzatdım
əlim pəncərənin şüşəsində
kölgən gəzir Şopenlə Marzalkovska küçəsində
Varşavada dekabr gecəsində...
__________________________________________________________________
*-Vaqif Səmədoğlu
**-Jorj Sandın əsl adı (fr.Amandine Aurore Lucile Dupin)

Hiç yorum yok:

Yorum Gönder