5.06.2011

Şəhidlər xiyabanı, Şuşa -2010

İlk dəfəydi ki, Şəhidlər Xiyabanında belə səslər eşidilirdi. Bu gün bura fərqli bir məkana çevrilmişdi. Saralan ümidlər göyərməyə başlayırdı. Ümidlər göz yaşlarını silib qurutdu. Qəbirlərin əyilmiş qamətlərini dikəltdi. Bu səsi daha yaxından, daha yaxşı eşitməkdən yana. Gəldikləri yerlərdən daima eşitdikləri bu səsə birlikdə qulaq asmaq üçün ruhlar da bura cəmləşmişdilər.
Bu səs, burada qəribə səslənirdi. Bu isə təkcə fərqlilikdən deyildi. Bu səs nə müsabiqə, nə özünü tanıtım, nə özünə tamaşaçı yığmaq üçün idi. Bu həsrətin səsiydi. İllərin həsrətinin səsi. Həsrətliləri qovuşduracaq, təmiz, kövrək, həzin, yanğı dolu bir səs. Bu səs burda uyuyanların kimisinə oğul, kimisinə nəvə olan körpələrin, uşaqların səsiydi. Şuşaya çağırış səsiydi. “Şur” üstündə köklənmiş bir haray idi bu səs; Fidan körpələrin səsində.
Ilk cərgələrdə ötüb gedənlər də bu səsi eşidib geri qayıdırdılar. Çıxışlara qulaq asan yox idi. Hər il eşitdikləri sözlərin növbəti sözlər, vədlər olduğundan bezən insanlar ümidlərini bu səsə bağlamağa gəldilər.
Hamı bir anlığa arxaya çevrilib lap yaxınlıqdakı Müdafiə Nazirliyinə sarı boylandı.
Şuşalı uşaqlar muğam oxuyurdular. Şuşa, Qarabağ haqda şeirlər deyirdilər.
Quşlar da budaqlardan sakitcə boylanırdılar. Bu gün qərənfillər də başlarını dik tutmuşdular.
Bu gün Şuşa özü bura gəlmişdi.
Şuşalı uşaqlar bu gün buranı Şuşaya çevirmişdilər. Sanki bu gün hamı Şuşalıydı. Bu səsin sehrinə düşüb hamı daxilən onlara qoşulurdu. Böyüklər “Segah” oxuyurdular, uşaqlarsa “Şur”.

* * *
200 tarixi abidə, 2 sanatoriya, görkəmli sənət adamlarının ev muzeyləri, 70 yerlik turist bazası, 5 minə yaxın eksponatı olan Şuşa tarix muzeyi, Dövlət xalça muzeyinin filialı və xalq tətbiqi sənəti muzeyi, Qarabağ dövlət tarix muzeyi, Xan mağarası, Qaxal mağarası, Şuşa qalası da olmaqla bütövlükdə 279 dini, tarixi və mədəni abidə, dağıdılmış 7 məktəbəqədər uşaq müəssisəsi, 22 ümumtəhsil məktəbi, mədəni-maarif, kənd təsərrüfatı texnikumları, 8 mədəniyyət evi, 14 klub, 20 kitabxana, 2 kinoteatr, 3 muzey, Şərq musiqi alətləri fabriki, Azərbaycana məxsus olan erməniləşdirilmiş bir çox abidə bu səs üçün darıxmışdı.

* * *
Bakının ən uca zirvəsindən səslənən bu səs buludsuz bir havada Şuşaya yol almışdı. Şuşaya gedirdi. Şuşaya çatırdı. Şuşada eşidilirdi bu səs. Şuşa neçə illərdi eşitmədiyi, yadırğadığı, həsrətində olduğu bu səsi sinəsinə çəkirdi. Bu səslər bu yolun nə qədər qısa olduğunu anlatdı, bu yolun çox uzaq, gedilməz olduğunu deyənlərə.

* * *
Bu səslər Parlamentin zallarına doldu. O yumşaq, rahat kresloları daşlaşdırdı. İclas zalı ciddiləşdi. Zalın çoxdan dəyişiləsi ovqatını dəyişdi. Ovqatları dəyişdirdi.
Səslər insanlara, şəhərə doğru axırdı. Yaxındakı evlərə, sütunlu binaların möhkəm, çox möhkəm bağlanmış qapılarından içəri dolurdu.
Üstündən bir il keçməsinə baxmayaraq buralarda eşidilən o səs millətin ruhunu artıq özünə qaytarmışdı. Yatmış, yatızdırılmış vicdanları oyatmışdı.
Burda uyuyanlar lazımı qurumların bura bu qədər yaxın olduğunu ilk dəfə duydular.
Bu gün qalada deyil, qıraqda yatanları oyatmağa gəlmişdi o səs.
Bayaqdan ləpələri belə dayanan, susan Xəzər, səs kəsilən kimi coşmağa başladı. Xəbər apardı üz tutub o biri sahillərə.

* * *
Şəhidlər Xiyabanında Şuşalı uşaqlaq oxuyurdular.
Mərasimin sonunda Şuşa şəhər 2 saylı orta məktəbin şagirdlərinə, onların müəllimələrinə bizə bu anı yaşatdıqlarına, bizləri xəyalən də olsa, bir anlığa o yerlərə apardıqlarına görə təşəkkürümü bildirəndə onların çöhrələrini görəydiniz. Nələr yoxuydu o kövrək baxışlarda. O xoş çöhrələrdə.

* * *
Şuşalı uşaqlaq oxuyurdular Şəhidlər Xiyabanının əbədi sakitliyində. Buranın sakinləri heç vaxt belə rahatlanmamışdılar, ruhlanmamışdılar. Uşaqların səsi qələbənin uzaqda olmadığını deyirdi. “Bizdən sonra da döyüşə biləcək oğullar var, daha başqa səslər, başqa sözlər eşitmək istəmirik”, oxunurdu boylanışlarında.

* * *
Bu səs yaddaşın toqquşan səsiydi. Qanımıza, iliyimizə hopmuş Cəngi səsiydi. Bizi qabağına qatıb müqəddəs Qarabağa aparan işıqlı bir səs idi. Yollarımıza işıq salan səs.
Bu səs dolanbac yolları aşaraq qalaya daxil oldu. Köhnə küçələri, uçuq-sökük evləri, Şuşanın 17 məhələsinin 17-sini də dolaşaraq Cıdır Düzünə qalxdı. Ətrafa boylanıb qəfil haray çəkdi. Çoxdandır heç kimim qalxmadığı Məscidin minbərindən bir anlığa toz qopdu.
Bu gün Şuşada dağlar, daşlar əks-səda verib oxuyurdular. Neçə illərdi yox olmuş Xarı Bülbül bu səsin sədasına gəlmişdi. Bizlərdən daha etibarlı olan təbiət də bu səsə oyanmışdı.
Hamını öz muğamı ilə heyrətləndirən Azərbaycanın ən qədim tarixi vilayətlərindən olan Qarabağın dilbər guşəsi, mədəniyyət beşiyi-Şərqin Konservatoriyası sayılan Şuşa, bu gün çoxdan eşitmədiyi bu səsin sehrinə düşmüşdü.

* * *
Şəhidlər Xiyabanında Şuşalı uşaqlar oxuyurdular. Şuşada oxuyası, Şuşada oxuyacaq uşaqlar oxuyurdular.

QАRАBАĞ BАYАTILАRI

Qаrаbаğdа tаlаn vаr,
Zülfün üzə sаlаn vаr.
Gеdirsən tеz qаyıt gəl,
Gözü yоldа qаlаn vаr.

Bаğındа bаğlığın vаrmı,
dаğındа dаğlığın vаrmı,
köynəkdə аğlığın vаrmı?-
Q А R А B А Ğ.

Cаn аtırаm çiçəyinə,
əlim çаtmır ətəyinə,
nеcə qоnum pətəyinə,
Q А R А B А Ğ.

Sənsiz аrаn, yаylаq itib,
yаddаn çıхmаz оylаq itib,
su quruyub, çаylаq itib,
Q А R А B А Ğ.

Cığır dоlu izim hаnı,
еşidilən sözüm hаnı,
о həyаlı üzüm hаnı,
Q А R А B А Ğ.

Qırılıbdı budаqlаrın,
qоyunsuzdu yаtаqlаrın,
quzulаyıb оtаqlаrın,
Q А R А B А Ğ.

Çаylаrındаn sulаr ахmır,
şimşək dаhа еlə çахmır,
ruhlаr məni tək burахmır,
Q А R А B А Ğ.

Işıq gəlmir çırаğındаn,
хəbərsizəm sоrаğındаn,
nеcə çıхım qınаğındаn,
Q А R А B А Ğ.

Bu yеrlərin təhnəsi bоş,
Cıdır düzü, səhnəsi bоş,
dədə-bаbа məhləsi bоş,
Q А R А B А Ğ.

Mənim nəyim qаlıb dаhа,
dərd аlаn yох, sаtım bаhа,
аhlаrım çаtmır Аllаhа,
Q А R А B А Ğ.

* * *
Qаrаbаğ,
mеyvələr sоvulub gеdir,
qаyа kimi igidlərin
dözəmmir, оvulub gеdir.

Kеçmişində Şuşа аdlı
аlınmаyаn qаlаn qаlıb,
оğullаrın səpələnib
аrаn bоyu, qаlаn qаlıb.

Qаrаbаğ,
аğаcındаn çоmаq istə,
bu qədər ərlər içində
bir Qаrаcа qоçаq istə.

Üzümə bir şillə çəkib
yахаmdаn çəkənim gəlsin,
bаrmаğım kоtаn kimidi
qоşdurub əkənim gəlsin.

Qаrаbаğ,
gеdib yеnə gələcəyik,
yurd uğrundа sоn sаvаşdа
biz ölümə güləcəyik.

Rəfail Tağızadə

4.18.2011

Yoxluğu hiss olunan adam


Qazandıqlarımızın şirinliyini dadmamış, yoxluğun acısını yaşayırıq. Tükənən sevgilərin, sevinclərin öləziyən havası üşüdür bizi. Nələrisə tapıb götürmək istəyirsən, olanlar tökülür qucağından. Səksəkəli əllər əsir, döyünən ürəklər kimi.

Sınaqlarla keçən ömrümüz yenə sınağa çəkildi. Dözməliyik deyib bir-birinin ardınca gələn bu sınaqlar yavaş-yavaş bizlərin və bizdən sonrakıların da sınağa çəkilməsinə rəvac verdi.
***
Bu gün həmişəkindən daha dinməz idin. Lap dinməz. Bizlərə "siz danışın" da demirdin, deyə, bu gün heç kim danışmırdı. Susmuşdu hamı. Təkcə baxışlar idi danışan. Nəm baxışlar. Bir də öz-özünə süzülən göz yaşları. Bir sükut qoyub getdin, bir də yarımçıq xatirələr. özün kimi xoş, tamamlanmamış xatirələr.
Yaxşı adamlar haqqında dilimizin, qulağımazın yadırğadığı bir zamanda səni də itirdik. Tək-tək yaxşı adamlardan birini. Tanıdığımıza sevindiyimiz, qohumluğumuzla, dostluğumuzla öyündüyümüz, duruşunda bir əzəmət gördüyümüz, səni.
Qohumları, dostları-doğmaları qarşılayıb-yola salan səni, müqəddəs evindən, ocağından hamımız bir yerdə yola saldıq. Yola salmaq məcburiyyətində qaldıq. Sənin bizi bir daha yola sala bilməyəcəyini bilərək. Duyaraq. Bu yoxluğa acıyaraq, ağrıyaraq. Heyləyək ki, çox şeyləri bizlərdən sormurlar. Bəlkə də "yox"cavabını əvvəlcədən bildiklərindəndi, bütün bunlar.
Bizləri bu evə hələ çox çağıracaqlar, dəvət edəcəklər. Amma o dəvətlərin içində o özünəməxsus sakit cingiltili, lakin ürəyə, qəlbə yatan doğma səsi eşidə bilməyəcəyik. O səsin həsrətində olacağıq. O səmimiyyətlə dolu səsin və ürəyin sahibini hər dəfə elə itirdiyimiz bu yerdə axtaracağıq qeyri-ixtiyari.
Səni tez itirdiyimə nə qədər heyfsləndimsə, gec tanıdığıma bir o qədər təəssüfləndim. Bir də vaxt azlığından dost ola bilmədiyimizə. Hər şeyin hələ qabaqda olacağını düşünürdüm. Təzə-təzə isinişirdik. Təzə-təzə doğmalaşırdıq. Səni məndən daha yaxşı tanıdıqlarına görə dostlarına paxıllığım tutur.
Yaxşı dost, yaxşı insan idin. Hər şeyin yaxşı olmasına çalışırdın. Istəyirdin.
O itkili gündən artıq hamı danışmayan səndən danışır. Əvvəli-sonu sənlə başlayan artıq təəssüf dolu yoxluğu təsdiqləyən olmuşlar qarışıq sənlə.
Məryəm balanı, "sən mənim həyatımsan"-deyə, çağıranlar olacaq yəqin bundan sonra. Amma o çağrışın, o səsin içindəki doğmalıq, yanğı, istək həminki olmayacaq. O sözdəki ürək elə çırpınmayacaq. Elə rahatlıq tapmayacaq. Heç kim bu balaca vücudün qarşısında o boy-buxun, o qamət qədər elə balacalaşmayacaq. Əldən-ayaqdan getməyəcək. Sevinməyəcək...
Uşaqlara baxıb, "çox ağıllı uşaqdı", deyən görmədim bu millətin içində səndən başqa. Hamıda həmişə yaxşını görməyə adət etmiş sən, deyə bilərdin bunları, Söhbət müəllim.
Körpələrin evdə xalçanın üstündən qaçıb qıraqda oynamalarını heç nəylə izah edə bilmirdim. Indi görürəm ki, hamıdan həssas körpələr onların əzizlərinin sonuncu dəfə evlərinə xalçalarda girib-çıxdıqlarını ya görüblər, ya da duyublar. Ona görə xalçadan qaçırlar. Onun üstündə oynamaq istəmirlər. Sənin hamıdan çox sevdiyin Məryəm kimi.
***
...çox gəlib gedəcəyəm gəlib-getməli olduğum bu evə. Doğma, əziz adamlar qarşılayacaq məni. Amma çox təəssüf ki, o adamların içində, sırasında sən olmayacaqsan. Daima məni birinci qarşılayan, sən.
Yaxşı adamlar milli varlıq kimidi... Biz bəzən bu dəyəri vaxtında qiymətləndirə bilmirik. Fərqində olmuruq. Dəyişən zaman və şərait bizli-bizsiz həmişə öz sözünü deyir.

4.07.2011

Payız taleli adam


Çoxdandı qulaqlarımı şirin, çox doğma bir səs döyür. Uzaqlardan gələn gülüş dolu cingiltili bir səs. Bütün səslərin içindən seçılən, sanki qərinələrdən gələn, qəriblikdə darıxan qəribə bir səs. Bu səs özünü xəzəllə basdırmış, izi itmiş arxın kənarıyla məni köhnə qəbiristanlığın yanından keçirərək məktəbə, ordan da asfalt yoldan adladıb Qaraman dağının döşünə qaldırır. Sökülmüş binaları, qurumuş ağacları, ot basmış yolları, itmiş cığırları salamlayaraq. Yanından ötüb keçdiyim sonradan xəstəxanaya çevrılən oxuduğumuz o, məktəbin səsimiz yazılan sökük divarları uşaq yaddaşımdakı tarix dərsinin müharibə səhnələrini xatırladır.
Ruhların dolaşdığı bu kənddə köhnə xatirələrdən başqa heç nə qalmayıb. Hər yer və hər şey qaranlıqdı. Elə bil günəş işığı düşmür bu yerlərə. Bütün qara buludlar yığılıb bu kəndin, bu elin üstünə. Adamı vahiməyə salan qapqara buludlar. Səsimi batmışdı bu yerlərin, ya bütün olanlar kimi səsləri də yığışdırıb aparmışdılar. Bu gün bu boşluqda tüğyan eləyən küləyin də səsi eşidilmirdi.
Böyrü üstə düşmüş pilləkanların toz basmış pillələrini kütləşmiş barmaqlarımla silə-silə, yorğun ayaqlarıma yer edə-edə addımlayıram. İllərin ağırlığı ilə yüklənmiş köhnə xatirələri oyatmağa. Sınıq rəfin kiflənmiş siyirtməsində yatan uşaqlıq xatirələrimi bu zaman qəfəsindən açıb buraxmağa.
Bu gecə uşaqlığım idi yol yoldaşım...

* * *

Nə qədər yollar var bu məmləkətdə. Amma bu yolların heç biri bizi o yerlərə aparmır. Apara bilmir. Aparmaq istəmir. Bəlkə də “getmək istəyəni apararıq”-deyə düşünür-bu yollar.

“Dünyanın bütün kiçik və böyük şəhərlərinə aparan yolların kəsişən yol ayrıclarına, el arasında “DÖRD YOL” deyilən yerə çatan hər bir kəs-istər sürücü olsun, istər sərnişin-bir anlığa da olsa bu yollara diqqət kəsilir, hər üç tərəfə baxır. Təkcə ağdamlılardan başqa. Neçə illərdi istər Bərdədən, istər Ağcabədidən, istərsə də Tərtərdən gəlsin, “AĞDAMIN DÖRD YOLU” deyilən yerə çatanda tamam başqa bir səmtə çevirir üzünü. Utanır Ağdam tərəfə baxmağa. Özünü günahkar və nə bilim, nə bilir. Ürək eləmir, baxa bilmir o tərəflərə-qibləgahı saydığı o yerlərə sarı.” Hər dəfə Ağdama tərəf gedəndə ağlıma gələn ilk fikrim bu olur.
Bu illər ərzində çox şeylərimizi itirmişik. Yurdu, yurd yerini, xoşbəxt günləri. Bircə yuxular qalıb bizə, bir də röyalar qarışıq xatirələr. İtirmədiyimiz nələr qaldı ki. Indiyədək qoruyub saxladığımız özünəməxsus adət-ənənəmizi, mədəniyyətimiz də unudulub, yaddan çıxıb gedir. Nəinki o yerləri görməyən-müvəqqəti yaşayış yerlərimiz sayılan çadırlarda, vaqonlarda doğulanlar, hətta ömrünün çoxunu o yerlərdə keçirənlər belə daha o müqəddəs yerlərə-ocaqlara, pirlərə and içmirlər. Neçə illərdi “Qara Pirim”, “Hacışəfi baba haqqı”-deyib and içənimizi görməmişəm. Elə başqa ziyarətgahlarımıza da. Itirdiklərimizi unuda-unuda gedirik. Torpaqlarımızı, yurd yerlərimizi, bizlər üçün müqəddəs nə varsa hamısını unuda-unuda.

Gündüzlər qarşımı kəsən şlaqbaumu gecələr xəyallarla birlikdə adlayıb keçirəm. Sorğusuz-filansız. Hərdən düşünürəm ki, hər gün o yurdun havasını alıb, suyunu içən daş atdığımız quşlar qədər də cəsarətli olmadıq. Uçulub tökülmüş daşları üst-üstə yığaraq xəyallarda bir ev qururam. Köhnə çərçivəli bir ev. Qapısız, pəncərəsiz. Qoyub gəldiyimiz bağlı qapıların sındırılmış, atılmış qıfıllarını yığa-yığa. Dartılıb cırılmış uşaqlıq şəkillərini qurumuş dodağıma tutub birtəhər yapışdıra-yapışdıra uşaqlığımın itmiş günlərini düzüb vərəqləmək istəyirəm. Çözələnən xatirələrin başlanğıcını, sonunu tapa bilmirəm. Əlimdə sonu oxuna bilinməyən ömür məktubunun ilk və yarımşıq cümlələrinin nə vaxt tamamlanacağı bilinmir. Adamı özünə oxşadan boynu bükülü cavabsız suallar qarışıq. Evdəkilərdən, uşaqlardan, torpaqdan, daşdan, havadan, sudan, özümüzdən və hamıdan utana-utana dolaşırıq bu məmləkəti didərgin ayaqlarla.

Çoxdan yazmaq istəyirdim içimdə dolaşan bu ağrıları. Məni rahat buraxmayan bu nisgili, acıları. Yurd itgisinin əzabları ilə bərabər, insanların pərən-pərən düşməsindən. Və bir də, bu ailədən. Bu ailənin, bu uşaqların neçə-neçə tanımadığı, uyuşa-uyğunlaşa bilmədiyi ev dediyimiz qalacaq yerlərinin dəyişməsini qəbul edə bilmədiyimdən. Bu haqda yazını başlaya bilmirdim. Bütün bunlara həm də özüm hazır deyildim.

Bu günkü uşaqlıq xatirələrim Vitali ilə bağlıdır. Elə qurumuş, ağarmış dodaqlarımla birtəhər yapışdırdığım cırılmış, doğranmış şəkillərimizdə bizim güzgüsü sınıq uşaqlığımızın xoşbəxt günləri ağlayırdı. Boş gilizlərin sönük baxışları cırıq döyüş şəkillərini torpağa tapşırırdı. Içimizdən keçib kəndimizə, elimizə, cümlə Qarabağımıza düşən mərmilərin ürəyimizi partladan qəlpələriylə. Bizi həm də daha çox ağrıdan bu qədər döyüşən, vuruşan Vitalinin doğma yurdla bərabər özünün də cismən bizdən uzaq olmasıdı. Vitali o yerləri bizlərdən daha çox sevdiyindən, oralardan uzaqlarda yaşaya bilməyəcəyini bilərəkdən o yerləri tərk etmədi. Tərk edə bilmədi.

Adətən yaxşı tanıdığın adam haqqında yazmaq çox çətin olur. Bilmirsən bildiklərinin hansından yazasan, haradan başlayasan. Vitali ilə biz Ağdam rayonunun Boyəhmədli kənd orta məktəbində də, institutda da bir yerdə oxumuşuq. Ona gorə də onu çox yaxşı tanıyırdım. İnstitutu qurtardıqdan sonra mən Bakıda qalıb işləməli oldum. Vitali isə əvvəlcə Xankəndində, sonra isə Ağdamda, Ağdərədə polis sistemində çalışdı. Ağdam polis alayında qərargah rəisi vəzifəsinə kimi yüksəldi.
Vitalinin özü, zarafatları üçün çox darıxırdım. Elə indi də. Bəlkə də indi daha çox darıxıram. Zarafatı, gülüşü yadırğadımız bu zamanda. Onun üzündə qəribə bir sevinc vardı. Adam onu görəndə bütün qəmini unudardı. Onda hər şey fərqli idi. Danışığı da, təbəssümü də, gülüşü də, zarafatı da. Çünki təbii idi. Özüydü. Vətənə, elə, insanlara Sevgisiylə, Təmizliyiylə, Düzlüyüylə, Mehribanlığıyla, Mübarizliyiylə. Onu hamıya sevdirən, hamı üçün əziz, doğma edən, həm də səmimi olmasıydı. Ən çətin anlarında da onun üzündə qəm görməzdin. Qəm ondan uzaq idi. Sonradan nə qədər yaxın olsa da.

Vitali çox savadlı oğlan idi. 1973-cü ilin sazaqlı bir qış günü idi. Ağdamın 1 saylı orta məktəbində fizikadan olimpiada keçirilirdi.Olimpiadada məktəbdən ikimiz iştirak edirdik. Vitali ilə yanaşı oturmuşduq. Vərəqin üz qabığını dolduranda gördüm Boyəhmədli kənd orta məktəbinin 9a sinif şagirdi Salamov Vitali Məhəmməd oğlu yazıb. Amma Məhəmməd oğlu məni bir qədər çaş-baş saldı. Soruşanda “atamın adı Məhəmməddi, Məti deyirlər”-deyib, güldü. Həmin Məti dayı bizi bayırda “Jiquli”sində gözləyirdi.
Atası Məti dayı, anası Qumru xala lap cavanlığından onunla qürur duyurdular. Qürur duyulası Vitaliylə.
Vitali savadlı olduğu qədər də istedadlı idi. Radioda ifa olunan mahnını bir dəfə eşitməklə pianinoda, ya da qarmonda onu o dəqiqə təkrarlayardı. Vitalinin şeir yazmağı da vardı. Özü kimi zarafat dolu şeirlərindən xırda parçalar qalıb ailəsinin özləri ilə götürə bildikləri şəkillərin arasında.

Vitali Qarabağ müharibəsinin elə ilk günlərindən döyüşə atıldı. Daima öndə oldu. Bir əsgər kimi. Bir arteleriya zabiti kimi son gününə qədər düşmənlə döyüşdü. İdarə etdiyi “UAZ”maşını deşik-deşik idi. Ermənilər Vitalinin əlindən çox yanıqlı idilər. Onu ailəsi ilə hədələyirdilər, qorxuzmağa çalışırdılar. O isə qorxunu çoxdan unutmuşdu. Təkcə qorxduğu bir şey vardı. Vətən, torpaq itkisi. Vitali torpaqların işğalınına, insanların öz yurdlarından didərgin düşmələrinə dözə bilmirdi. Vətən üçün, Qarabağ üçün son damla qanına kimi vuruşdu. Canından çox sevdiyi torpaq üçün canından keçdi. Onun son baxışlarında çox da uzaqda olmayan, əl uzatsan çatacaq qədər yaxın olan-onu, bizləri gözləyən dağlar qaldı. Tənhalıqda, kimsəsizlikdə darıxan dağlar. Bir də böyüyüb başa çatdığı, doğma Boyəhmədli kəndinin Qaraman dağının döşündəki sökük binaları, xiffətdən quruyan ağacları.

* * *

Deyirlər portuqaliyalı balıqçılar hər dəfə dənizə çıxanda ailəsi ilə vidalaşırlar. Döyüşə gedənlər kimi. Bəlkə də bu onların son görüşüdü, deyə. Vitali də hər səhər uşaqları, ailəsi ilə vidalaşardı. Amma bunlardan hansının sonuncu olacağını bilmirdi, inanmaq istəmirdi.

Nə qədər insanlar gəlib-gedib bu dünyadan. Hərə bir ömür sürdü. ... Kimi 30, kimi 50, kimi 100 il. Payızda dünyaya göz açan Vitali, elə payızda da dünyayla vidalaşmalı oldu. Həm də Ağdamın payızında. Nə qədər arzuları qaldı bu dünyada. Sizlərin, bizlərin-hamımızın həyata keçirməlı olduğu arzuları. Onun bütün arzuları bizlərin arzuları idi. Yurdun, vətənin, xalqın, millətin arzuları. O, bacaracağından çox çalışdı, çox vuruşdu. Bundan sonrakı vuruşlar bizlərin vuruşudu, bizlərin döyüşüdü. Bu torpaq, bu millət savaşında Vitalinin o yerləri dolaşan ruhu həmişə bizimlə olacaq. Müqəddəs Qələbə gününə kimi. Qayıdacağıq o torpaqlara. Mütləq qayıdacağıq. O darıxan, üzülən cığırlara, ot basmış yollara yenidən iz salacağıq.
Vitali, bu 36 ildə vətəni üçün, eli üçün, ailəsi, övladları üçün baş ucalığı gətirən nümunəvi bir ömür yaşadı. Bundan sonra da nə qədər dostlar var, nə qədər həyat var, nə qədər Qarabağ var, Vətən var, Vitali də var. Dostların, döyüş yoldaşlarının qəlblərində Vitalinin sevgisi, neçə-neçə gözəl xatirələri qalır. Ürəklərdə, qəlblərdə, yaddaşlarda isə əsl vətəndaş, torpaq-vətən üçün canından keçməyə hazır olan bir döyüşçü, gözəl insan, mehriban ata, ailə başçısı, yaxşı dost, məğrur zabit kimi yaşayacaq-mayor Vitali Salamov Məhəmməd oğlu.
Vitalinin iki yadigarı var. Sima, Anar. Bir də ailəsi. Üzündən, gözündən həmişə sevinc yağan Vitalinin ocağında bir Sevinc də var. Babasının səkillərini seçib “Ba-ba” deyib, mənə bir-bir uzadan 3 yaşlı Sevinc nəvəsi.
Otaqda bir zabit baxışı vardı. Əvvəlki baxışlardan tam fərqli bir zabit baxışı. O gülüşlü gözlərdən əsər-əlamət yox idi. Mənə elə gəlirdi ki, o baxışlar çox uzaqlara dikilmişdı. Bəlkə də bu mənə elə gəlirdi. Amma nəvəsinə elə gəlirdi ki, babası ancaq ona baxır. Hər halda uşaqlar daha həssas olurlar.

Nədənsə bu şəkillərə baxanda Salvador Dalinin “Saatlar”ındakı Zaman yadıma düşür. Kiminçün uzanan, kiminçün üzülən, kiminçün dayanan Zaman. Hərənin yaddaşında bir cür ilişib qalan Zaman.

Hər Zamanın Vitalisindən yazmaq istədiyim yazı, ona olan xoş münasibətlər kimi qurtarmaq bilmir…


Hər ölən əsgərlə ölürəm, Allah

Dostum mayor Vitali Salamovun xatirəsinə

Bir səngər uzanır yolumun üstə,
neçə baş qoyulub qolumun üstə,
daha yatammiram solumun üstə,
hər ölən əsgərlə ölürəm, Allah.

İndi kim duracaq bu gecə postda,
görən nə düşünür postdaki dost da,
bir qara kağiz da atildi poçta,
hər ölən əsgərlə ölürəm, Allah.

Yuxumu görürəm yatan yerinə,
günəşim yol gedir batan yerinə,
balam, sən uzanma atan yerinə,
hər ölən əsgərlə ölürəm, Allah.