4.18.2011

Yoxluğu hiss olunan adam


Qazandıqlarımızın şirinliyini dadmamış, yoxluğun acısını yaşayırıq. Tükənən sevgilərin, sevinclərin öləziyən havası üşüdür bizi. Nələrisə tapıb götürmək istəyirsən, olanlar tökülür qucağından. Səksəkəli əllər əsir, döyünən ürəklər kimi.

Sınaqlarla keçən ömrümüz yenə sınağa çəkildi. Dözməliyik deyib bir-birinin ardınca gələn bu sınaqlar yavaş-yavaş bizlərin və bizdən sonrakıların da sınağa çəkilməsinə rəvac verdi.
***
Bu gün həmişəkindən daha dinməz idin. Lap dinməz. Bizlərə "siz danışın" da demirdin, deyə, bu gün heç kim danışmırdı. Susmuşdu hamı. Təkcə baxışlar idi danışan. Nəm baxışlar. Bir də öz-özünə süzülən göz yaşları. Bir sükut qoyub getdin, bir də yarımçıq xatirələr. özün kimi xoş, tamamlanmamış xatirələr.
Yaxşı adamlar haqqında dilimizin, qulağımazın yadırğadığı bir zamanda səni də itirdik. Tək-tək yaxşı adamlardan birini. Tanıdığımıza sevindiyimiz, qohumluğumuzla, dostluğumuzla öyündüyümüz, duruşunda bir əzəmət gördüyümüz, səni.
Qohumları, dostları-doğmaları qarşılayıb-yola salan səni, müqəddəs evindən, ocağından hamımız bir yerdə yola saldıq. Yola salmaq məcburiyyətində qaldıq. Sənin bizi bir daha yola sala bilməyəcəyini bilərək. Duyaraq. Bu yoxluğa acıyaraq, ağrıyaraq. Heyləyək ki, çox şeyləri bizlərdən sormurlar. Bəlkə də "yox"cavabını əvvəlcədən bildiklərindəndi, bütün bunlar.
Bizləri bu evə hələ çox çağıracaqlar, dəvət edəcəklər. Amma o dəvətlərin içində o özünəməxsus sakit cingiltili, lakin ürəyə, qəlbə yatan doğma səsi eşidə bilməyəcəyik. O səsin həsrətində olacağıq. O səmimiyyətlə dolu səsin və ürəyin sahibini hər dəfə elə itirdiyimiz bu yerdə axtaracağıq qeyri-ixtiyari.
Səni tez itirdiyimə nə qədər heyfsləndimsə, gec tanıdığıma bir o qədər təəssüfləndim. Bir də vaxt azlığından dost ola bilmədiyimizə. Hər şeyin hələ qabaqda olacağını düşünürdüm. Təzə-təzə isinişirdik. Təzə-təzə doğmalaşırdıq. Səni məndən daha yaxşı tanıdıqlarına görə dostlarına paxıllığım tutur.
Yaxşı dost, yaxşı insan idin. Hər şeyin yaxşı olmasına çalışırdın. Istəyirdin.
O itkili gündən artıq hamı danışmayan səndən danışır. Əvvəli-sonu sənlə başlayan artıq təəssüf dolu yoxluğu təsdiqləyən olmuşlar qarışıq sənlə.
Məryəm balanı, "sən mənim həyatımsan"-deyə, çağıranlar olacaq yəqin bundan sonra. Amma o çağrışın, o səsin içindəki doğmalıq, yanğı, istək həminki olmayacaq. O sözdəki ürək elə çırpınmayacaq. Elə rahatlıq tapmayacaq. Heç kim bu balaca vücudün qarşısında o boy-buxun, o qamət qədər elə balacalaşmayacaq. Əldən-ayaqdan getməyəcək. Sevinməyəcək...
Uşaqlara baxıb, "çox ağıllı uşaqdı", deyən görmədim bu millətin içində səndən başqa. Hamıda həmişə yaxşını görməyə adət etmiş sən, deyə bilərdin bunları, Söhbət müəllim.
Körpələrin evdə xalçanın üstündən qaçıb qıraqda oynamalarını heç nəylə izah edə bilmirdim. Indi görürəm ki, hamıdan həssas körpələr onların əzizlərinin sonuncu dəfə evlərinə xalçalarda girib-çıxdıqlarını ya görüblər, ya da duyublar. Ona görə xalçadan qaçırlar. Onun üstündə oynamaq istəmirlər. Sənin hamıdan çox sevdiyin Məryəm kimi.
***
...çox gəlib gedəcəyəm gəlib-getməli olduğum bu evə. Doğma, əziz adamlar qarşılayacaq məni. Amma çox təəssüf ki, o adamların içində, sırasında sən olmayacaqsan. Daima məni birinci qarşılayan, sən.
Yaxşı adamlar milli varlıq kimidi... Biz bəzən bu dəyəri vaxtında qiymətləndirə bilmirik. Fərqində olmuruq. Dəyişən zaman və şərait bizli-bizsiz həmişə öz sözünü deyir.

Hiç yorum yok:

Yorum Gönder